Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.
DBNX-nin mətbuat katibi Yolçu Xanvəlinin unikal.org-a verdiyi məlumata görə, 27 aprel tarixində alınmış məlumat əsasında xidmətin Bərdə Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçiriblər. Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazimatlar aşkar olunub.
Şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan at cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.
Qeyd olunub ki, bu, son zamanlar Bərdə rayonunda aşkarlanan 3-cü belə hadisədir. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.