Bir neçə gün bundan əvvəl Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarını döyməkdə ittiham edilən ailə şikayətçidir.
Unikal.org xəbər verir ki, lent.az-a müraciət edən ailə iddia edir ki, təcili tibbi yardım həkimi xəstəyə yüksək dozada iynə vurub və bu səbəbdən xəstə dünyasını dəyişib.
Ailə üzvlərinin dediyinə görə, həkim xəstəyə artıq dozada iynə vurduğunu inkar edir, halbuki günahkar həkimin özüdür: "Xəstənin təzyiqi 90-50 olduğu halda, həkim ona 2 qramlıq təzyiq salan iynə vurdu. Sonra 2 qramlıq relanium və başqa 2 iynədən istifadə etdi. Həmin dəqiqə xəstənin vəziyyəti ağırlaşdı. İynənin dozasının artıq olduğunu deyəndə isə bizə "mənim işimə qarışmayın" - deyə, sərt reaksiya verdi.
Xəstə öləndən sonra yaxasından tutub soruşduq ki, hansı iynəni vurdu? Qayıtdı ki, bəs, onsuzda xəstə öləcəkdi. Mən onu atama kömək etsin deyə həkim kimi çağırdım, əzrail kimi gəldi", - şikayətçi əlavə edir.
Xəstənin ölümündə ittiham edilən həkim Rizvan Hacıyev isə iddia edir ki, ailə həkim çağırmaq üçün çox gecikib.
R.Hacıyev sayta açıqlamasında bildirib ki, xəstənin vəziyyəti 15 saat əvvəldən ağırlaşıb, xırıltılar başlayıbmış: "77 yaşlı xəstə çox ağır vəziyyətdə idi. Xəstədə metastaz vermiş ağciyər xərçəngi olub. O cür xəstələrdə ağciyər səthi çox zəif olduğundan dördüncü dərəcəli tənəffüs çatışmazlığı da müşahidə edilir. Xəstə bundan əvvəl bir dəfə ağciyər əməliyyatı keçirib, ağciyərinin bir hissəsini kəsiblər. 1 ay bundan əvvəl ağciyərindən 3 litr maye çıxarılıb. Ancaq ailə onu elə ağır vəziyyətdə saxlayıb. Çox gecikmiş xəstə olub. Dördüncü dərəcəli tənəffüs çatışmazlığı olan xəstə ölümün bir addımlığında olur. Xəstənin ölümünün birinci səbəbi də onu 15 saat elə vəziyyətdə saxlamaqdır. Xəstənin dili ağzından çıxır, deyirlər ki, yardım elə. Onların özlərinin xəstənin ölümündə marağı olub. Məqsədlərinin nə olduğunu bilmirəm. Belə anlamaq olar ki, bu, ailənin məkrli siyasəti olub".
Həkim deyir ki, meyitin tibbi ekspertizasından sonra hər şey bəlli olacaq: "Ailə iddia edirsə ki, xəstənin ölümündə biz günahkarıq, qoy meyit yarılsın, hər şey ortaya çıxacaq. Mən protokol qaydasında orada heç bir səhv etməmişəm. Artıq dozada heç bir iynə vurmamışam. Protokolla işləmişəm. O dedikləri iynə də damara vurulur, amma biz xəstənin durumu ağır olduğundan əzələyə vurduq. Onun hansısa yan təsirindən söhbət gedə bilməz. Əksinə, iynə heç təsir etmədi deyə xəstəyə kömək edə bilmədik. Hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə işlər davam etdirilir. Ekspertizadan keçmişəm, onların da meyiti ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Mən özüm tələb edirəm ki, xəstənin meyiti yarılsın. 30 illik təcrübəm var. Bizim işdə belə hallar çox olur. Adi qəfil ölümlər olur ki, onda ailənin qohumu bizə yumruq atsa, başımın qanını silib işimin dalıyca gedərəm. Amma bu xəstə artıq ölümə hazır idi. Günahkar onlar özüdür. Ölümün səbəbini kiminsə üzərinə yıxmaq istəyiblər. Bu da mənim başımda çatladı".
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən sözügedən sayta verilən məlumata görə, meyitin ilkin müayinələri zamanı bəlli olub ki, xəstənin ağciyəri tamamilə məhv olubmuş: "Xəstədə çox ağır metastaz vermiş ağciyər xərçəngi olub. Ölümünə qədər onun necə nəfəs aldığı özü möcüzədir. Dalaq və digər daxili orqanlar metastaza uğramış vəziyyətdə idi. Yəni ailənin iddia etdiyi kimi xəstənin ölümündə hansısa iynənin təsiri olmayıb. İynə sakitləşdirici iynə olub. Xəstə ölümcül vəziyyətdə imiş".
Qeyd edək ki, aprelin 24-də "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Xəstənin yaxınları stansiya əməkdaşlarının vurduğu iynədən sonra xəstənin öldüyünü iddia edərək həm həkimi, həm də sürücünü döyüblər.