Bakı şəhərində keçiriləcək beynəlxalq idman yarışları ərəfəsində ölkəmizə turist qismində səfərə gələn əcnəbi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların rahat şəraitdə istirahətinin təşkili məqsədi ilə daxili işlər orqanlarının müxtəlif qurumları tərəfindən lazımı tədbirlər görülür.
Unikal.org xəbər verir ki, Aprelin 30-da saat 02 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında iki nəfər naməlum şəxs İngiltərə vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıblar.
Bu zaman Səbail Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) hadisə yerinin yaxınlığında xidmət aparan əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində soyğunçuluq cinayətini törədərək qaçmağa cəhd edən Bakı şəhər sakini Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev yaxalanıb.
Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102 Zəng Mərkəzinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.