Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Salyan şosesi ilə hərəkətdə olan "99-EE-114" dövlət qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.
Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev açıqlamasında bildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Xəsarət alan sərnişinlər - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.