Bu gün Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlimi keçirilir.
Unikal.org FHN-in saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd "Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ərəfəsində aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.
Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tibb Xidmətinin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təhlükəsizlik xidmətlərinin qüvvə və texnikası cəlb edilib.
Təlimdə sərnişin təyyarəsində şərti olaraq baş vermiş yanğının söndürülməsi, sərnişinlərin təxliyəsi, onlara ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər həyata keçirilir.