Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri tam olaraq yekunlaşıb.

"Azəravtoyol" ASC-dən Unikal.org-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i m-ə qədər və dənizə doğru genişləndirilib, 25 m enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışıından ibarət isə yol əsasının inşası işləri aparılıb.

Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə 19 min kv.m əraziyə 12 sm qalınlığında asfalt-beton örtüyü salınıb.

Sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 mr təşkil edir. Buna paralel olaraq yol boyu 1,5 m enində piyada səkiləri, 2-3 m enində ayırıcı zolaq inşa olunub. Ümumilikdə 3300 kv.m piyada səkisi tikilib, səkilərin və yolayrıcının kənarlarına isə 6350 p/m yeni səki daşı düzülüb.

Tikinti işlərinə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün 10 ədəd yağış barmaqlığı qoyulub. Həmçinin yol boyu 480 m uzunluğunda yeni istinad divarı inşa edilib.

Yenidənqurma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə aparılır. Hazırda burda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Buna paralel olaraq dəmir-beton konsturksiyaların sahil boyunca bərkitmə işləri də aparılır.

Hazırda 850 metr uzunluğunda olan yanaşma yolu 2 texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 m-ə qədər genişləndirilib. Yolun 2 hərəkət zolaqlı hissəsinin eni 6 m, çiyinlərin eni isə 1,5 m təşkil edir.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən və uzunluğu 422 m, eni 14 m, hərəkət hissəsinin eni isə 12 m olan, Pirallahı adasını sahillə birləşdirən körpü Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq tikilib.