Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, həbsdə olan general-mayor Teymur Quliyev nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ibtidai istintaqa şahid qismində dindirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Teymur Quliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində deyib ki, 2015-ci il aprelin 15-də ona Məmməd Abbasbəyli adlı şəxsin telefonlarına qulaq asılması tapşırılıb. Bunun təşəbbüskarı Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olub: "Həmin tapşırığı Elçin Quliyev təsdiqləyib. Nazirliyin sabiq rəhbərliyi icazə verib. Müvafiq qaydada tapşırığın icrası həyata keçirilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi İlqar Əliyevə göndərilib. Məmməd Abbasbəylini tanımamışam və həmin şəxslə hər hansı bir münasibətdə olmamışam.
O qeyd edib ki, Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar Antiterrror Mərkəzinin əməkdaşı İlkin Soltanov olub: "Eyni qaydada onun telefonları dinlənilib.
Teymur Quliyev bildirib ki, qeyd edilən tapşırıqlarda adları çəkilən Zakir Bədəlov, Elnur Orucov, Sahib Qurbanov, Zaur Əzimov və digərlərini ümumiyyətlə tanımayıb: "Onlarla münasibətim olmayıb. Həmin şəxslərlə hər hansı bir formada görüşməmişəm və şəxsiyyətləri barədə hər hansı bir məlumata malik olmamışam. Tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanımışam. Onunla şəxsi münasibətim və görüşüm olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib.
Qeyd edək ki, Teymur Quliyev, Sübahir Qurbanov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi məhkəməsində keçirilir. Həmin şəxslər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar.