Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyevanın iştirakı ilə "Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə mövzusunda "dəyirmi masa təşkil olunub.

Unikal.org xəbər verir ki, "dəyirmi masada çıxış edən Mehriban Əliyeva deyib:

"Biz çox şadıq ki, bu Forum artıq hər dəfə daha da genişlənir. Forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir. Mövzu bütün dünya üçün çox vacibdir. Mən çox şadam ki, biz Forum çərçivəsində digər vacib görüşlər də keçiririk. Bu gün xanım İrina Bokovanın təşəbbüsü ilə biz qızlar üçün təhsil məsələsindən danışırıq. Əlbəttə, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni, bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Bizim bu sahədə böyük təcrübəmiz və tariximiz var. Eyni zamanda, biz dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənirik və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırıq".