Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompyuter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Musayev Cinayət Məcəlləsinin 271-ci (kompyuter sisteminə qanunsuz daxil olma) və bir neçə maddə ilə ittiham edilib.
O, 1il 8 ay bundan əvvəl ləğv edilmiş MTN əməkdaşları tərəfindən həbs edilib. Daha sonra R.Musayev MTN-in təcridxanasında saxlanılıb.
R.Musayev saxlanıldıqdan sonra MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən onun istintaqı aparılıb.
İttihama görə, R.Musayevin "Azəriqazbank"da pul hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı bir neçə maddə ilə ittihamlar irəli sürülüb.
Xatırladaq ki, R.Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb.