Masallı rayonunda sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açılıb.
Masallı Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov qeyd edilən tarixdə saat 14 radələrində yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib və rayon mərkəzi xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.