Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vaqif Əhədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Əhmədovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Məhkəmənin hökmü ilə V.Əhmədova 2 il sınaq müddəti müəyyən olunub və ona şərti cəza verilib. V.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.
İttiham aktına əsasən, Bakı şəhər sakini V.Əhmədov özgənin əmlakını ələ keçirmək məqsədilə internet vasitəsi ilə "Odnoklassniki sosial şəbəkəsində tanış olduğu Səadət Əzimovanın etibarından sui-istifadə edib. Belə ki, o, qadına Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsində əməliyyatçı vəzifəsində, kapitan rütbəsində xidmət etməsini bildirib və onu aldıb. V.Əhmədov S.Əzimovaya işlərində problem olduğu üçün işdən azad ediləcəyini və işinin həlli üçün ona 1000 manat pul lazım olduğunu deyib. Həmin qadın isə 2015-ci ilin aprel ayının 29-da "Kapital Bank" ASC-nin Bərdə şəhər filialından öz adına kredit götürməklə, ona həmin bank vasitəsi ilə 1050 manat məbləğində pul göndərib.
Daha sonra V.Əhmədov S.Əzimovaya yenə işində problem yarandığını deyərək, ondan 2 dəfə pul istəyib. S.Əzimova isə bankdan kredit götürərək əvvəl ona 1305 min manat pul göndərib. Növbəti dəfə isə qadın V.Əhmədova ümumilikdə 1300 manat pulu üç dəfəyə bank vasitəsi göndərib.
V.Əhmədov Cinayət Məcəlləsinin 78.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə o, 3 müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin çıxardığı hökmünün ləğv edilməsini və ədalətli qərar çıxarılmasını xahiş edib.