Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Rəşad Hacıyev və onun tanışı 1992-ci il təvəllüdlü Qızbahar Qəribovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report.az-a istinadən bildirir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, R.Hacıyevin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib. Onun həbsdə saxlanıldığı 6 ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə qalıb.
Cinayət Məcəlləsinin (CM) 79.1-ci (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə əsasən hökmlə Q.Qəribovaya təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının onun tərəfindən çəkilməsi qadının 2012-ci il aprelin 24-də doğulmuş oğlunun səkkiz yaşına çatana kimi təxirə salınıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Q.Qəribova məhkəmə zalında azadlığa buraxılıb. Onun üzərində nəzarət Qusar rayon İcra Şöbəsinə həvalə edilib.

İttiham aktına görə, R.Hacıyev 2015-ci il aprelin 15-də gecə 02:00 radələrində Quba rayonu, Qırmızı qəsəbə, Dağlı küçəsi, 36 saylı evin qarşısında tanışı Qızbahar Qəribova ilə birlikdə Asəf Abdullayevin mobil telefonunu ələ keçirmək məqsədi ilə onu döyüblər. Həmin şəxslər zorla A.Abdullayevin "Nokia-206" markalı mobil telefonunu əlindən alıblar və ona 47 manat məbləğində maddi ziyan vurublar.
Təqsirləndirilən şəxslər CM-nin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Hacıyev 5 il və Q.Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.