Ötən gün axşam saatlarında "Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə bağlı informasiya yayılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.
Ekspert əlavə edib ki, "SOCAR-AQŞ" şirkətinin qazma briqadası və "28 May" NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
Sayta SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.
SOCAR-dan sayta bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür".
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.