IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub.

Unikal.org-un məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərliyi ilə dünya şöhrətli "Betty Productions Ltd tərəfindən yaradılmış və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə həyata keçirilir.

Proqrama əsasən Azərbaycan İslam aləmini, sülh və anlaşma ruhu ilə bir araya gələn 50-dən çox dövləti qürurla və açıq ürəklə salamlayacaq. 700 könüllü iştirakçı səhnəyə çıxır. Bir sıra fiqurları yaratmaq üçün onlar əllərində parıltılı altıbucaq saxlayacaqlar. 7 metrlik ipək zolaqlarla çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqası onlara qoşulacaq, "Yallı" rəqsi ifa olunacaq. Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətiriləcək və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən qaldırılacaq. Bu zaman dövlət himni səsləndiriləcək. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayacaq. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstəriləcək. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olacaq və Azərbaycan sularını səhnədəki böyük mis siniyə tökəcəklər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşəcək. Daha sonra hər komanda stadiona öz bayrağı altında daxil olacaq. Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gedəcəklər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayacaq. Bu qrup parad bağlanan ana qədər ifa edəcək. "Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayacaq. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətiriləcək. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılacaq. Bütün idmançılar və hakimlər adından and içiləcək. Birinci vitse-prezident və "Bakı 2017 Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi D. Yusif bin Əhməd Əl-Osaymin çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyev Oyunları açıq elan edəcək. Stadionun damında atəşfəşanlıq başlayacaq və "Bakı-2017 yazısını formalaşdıraraq gecə səmasına işıq saçacaq. Mis su qabını əlində saxlayan qadın səhnəyə qapıdan daxil olacaq. O, Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım olacaq. Atletlərin paradı zamanı 56 digər su daşıyıcısı ona qoşulacaq. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil edəcəklər. Qadınlar suyu siniyə tökəcəklər və nəticədə gözəl fəvvarə alınacaq. İslam aləmi bununla rəmzi olaraq birləşəcək.