Mayın 4-də Yasamal RPİ 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İlham Qulaməliyev aprel ayının 25-də "Mercedes-GL-450" markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, bir qədər gec müraciət etməsini isə bu müddətdə avtomobilini özü axtarması ilə izah edib.
Hadisə barədə məlumat alınan kimi Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib və avtomobilin tapılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb. Qaçırılmış "Mercedes"in Göyçay rayonu istiqamətində hərəkətdə olması müşahidə kameraları tərəfindən müəyyən edilib və dərhal Rayon Polis Şöbəsinə məlumat verilib.
Müşahidə-nəzarət kameraları vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin avtomobili izləyərək gözdən buraxmayıblar. Maşın bir qədər sonra Ağsu rayonunun İnçə kəndindən Qaraməryəm istiqamətində yoluna davam edib. Sürücüsü avtomobili yüksək sürətlə idarə etdiyindən polislərin diqqətindən yayına bildiyini güman edib. Lakin ağlına belə gətirməyib ki, bu, yarana biləcək qəza şəraitinin qarşısının alınması üçün polislərin təhlükəsizlik tədbiri idi.
Mayın 12-də saat 06:30 radələrində "Mercedes" İnçə kəndi ərazisində aşkar edilib. Polis əməkdaşları avtomobildə olan qadını sorğu-sual ediblər. Qadın Bakıya gedən, yolüstü sərnişin yığan sürücünü tanımadığını, bu maşına təsadüfən mindiyini bildirib. Qadın onu da deyib ki, nədənsə sürücü polis postunu görəndə maşından düşüb qaçıb.
Göyçay RPŞ-nin şəxsi heyəti güclü yağış yağdığından həmin şəxsin çox da uzağa gedə bilməyəcəyini təxmin edərək kənddə axtarışlarını davam etdiriblər. Onun avtomobildən düşüb qaçdıqdan sonra kənddəki evlərdən birinin həyətinə girdiyi müəyyən edilib. Vətəndaşa məxsus nəqliyyat vasitəsini qaçıran həmin evin zirzəmisindəki çarpayının altında uzanılı vəziyyətdə yaxalanaraq Polis Şöbəsinə gətirilib. Məlum olub ki, avtomobili qaçıran şəxs Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xəqani Ağayevdir.