IV İslam Həmrəyliyi oyunlarında boks yarışları davam edir.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bu gün daha üç idmançımız rinqə çıxacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi isə 1/8 finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğan olacaq.
69 kq-da yarışacaq Tamerlan Abdullayev Caviddən fərqli olaraq mübarizəyə 1/8 finaldakı döyüşlə başlayacaq. Tamerlan türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkəcək.
Boks millimizin 91 kq-dakı təmsilçisi isə Teymur Məmmədov olacaq. London Olimpiadasının bürünc, I Avropa Oyunlarının isə qızıl medalçısı olan dəri əlcək ustasının rinqə ilk çıxışı 1/4 finala təsadüf edəcək. Məmmədov yarımfinala çıxmaq üçün Özbəkistan boksçusu Sardorbek Beqaliyevi yolundan kənarlaşdırmalıdır.
Qeyd edək ki, boks yarışlarının reqlamentinə görə, yarımfinala adlayacaq idmançılar ən az bürünc medalları özü üçün təmin etmiş olacaq.