Çılpaq və zorakılıq əlamətləri ilə küçədən tapılan balaca Yağmurun anası üzə çıxdı.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızının "Xəzər" TV-də yayımlanan "Bizə danış" proqramı vasitəsilə axtarılan ana uşağın yerləşdirildiyi "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sığınacağına gedib.
Özünü Lamiyə kimi tanıtdıran (Yağmur tapılan zaman anasının adının Lamiyə olduğunu bildirmişdir) qadının əsl adı Şahnaz imiş. Ana uşağının 1 ay əvvəl sevgilisi tərəfindən döyüldüyünü etiraf edib.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə ananın durumundan şübhələndiyi üçün uşağı ona verməkdən imtina edib. Onun qollarında kəsik izləri olub. Kəmalə xanımın sözlərinə görə, qadının sürdüyü mənfi həyat tərzi xarici görünüşündən özünü büruzə verdiyindən Yağmuru yenidən onun ixtiyarına vermək düzgün sayılmazdı. Ananın mənəvi və psixoloji durumu Yağmuru ona qaytarmağa imkan vermirdi.
Acınacaqlı hallardan biri də budur ki, nə ananın, nə də Yağmurun sənədləri yoxdur. Ana uşağının 2013-cü ilin iyulunda doğulduğunu bildirsə də, bunu təsdiq edən sənədi təqdim edə bilmədi. Şahnaz qızı Yağmurun doğma atasının kimliyi barədə də dəqiq məlumat verə bilməyib.
"Bizə danış" proqramına zəng vuran tamaşaçılardan biri Lamiyə kimi tanınan Şahnazın Yağmura doğru-düzgün analıq etmədiyini söylədi. Tamaşaçının sözlərinə görə, qadın Elnur adlı sevgilisi ilə onların qonşuluğunda kirayədə yaşayıb. Uşaq mütəmadi olaraq ananın sevgilisi tərəfindən fiziki təzyiqlərə məruz qalıb.
Xatırladaq ki, Yağmurun valideynlərinin axtarışı ilə bağlı ilk olaraq "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi. O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: "Bu balaca uşağı sığınacağa polislər gətirib. Əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Çılpaq imiş. İkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Anasının adının Lamiyə, atasının adının Elnur olduğunu deyir. Yağmur atası tərəfindən dəfələrlə döyüldüyünü, sonda isə çılpaq vəziyyətdə küçəyə atıldığını deyir".