Bakıda itkin düşən 6-cı sinif şagirdi Amil Dadaşov Nardarandan tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə uşağın bibisi Sevinc Süleymanova lent.az-a məlumat verib.

S.Süleymanova deyib ki, Amil atasının nənəsigildədir: " Bu gün gedib Nardarana, nənəmgilə. Xəbər verdilər ki, gəlin, uşaq burdadır. İndi gedirəm ora. Hələ bilmirik, bu neçə gün ərzində haralarda olub".

11 yaşlı Amilin evdən getməsinin bəzi səbəbləri məlum olub.

Amilin bibisi Sevinc Süleymanova bildirib ki, mayın 12-dən yoxa çıxan Amil küçələrdə gecələyib: "Neçə gündür küçələrdə gəzib. Hətta IV İslam Oyunlarının açılış mərasiminə baxmağa da gedib. Bu gün isə Nardarana, nənəmgilə gəlib".

S.Süleymanova deyir ki, Amil oxumaq istəmədiyi üçün bu addımı atıb: "Deyir ki, mən oxumaq, məktəbə getmək istəmirəm. Məni məcbur edirsiniz deyə, belə etdim".

Amilin bibisi vurğulayıb ki, nənəsinin ölümü Amildə psixi travmalar buraxıb: "Uşaqda heç nəyə maraq qalmayıb, sevgi, istək ölüb, sanki. Qorxuruq ki, indi belə bir addım atıbsa, məktəbdən də uzaqlaşdırıldıqdan sonra pis yollara düşəcək, yanlış adamlara qoşulacaq. Psixoloq yardımı almasına çalışacağıq".

S.Süleymanova deyir ki, Amilin anası Rusiyada evlidir və dəfələrlə uşağa görə çağırsaq da, gəlmək istəməyib: "Deyir, Amil özü istəsə, böyüyəndə gələr yanıma".