Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Elyar Abdullayev bildirib ki, V.Əzizovu 1993-cü ildən tanısa da, onun MTN tərəfindən saxlanılmasından xəbəri olmayıb. O, V.Əzizovun restoranında işlədiyini və Vidadinin saxlanıldığı vaxt Bakıda olduğunu deyib. Şahid bildirib ki, həmin ərəfədə V.Əzizova tez-tez zəng olunub: "Ondan zəng edənin kim olduğunu soruşdum. Bildirdi ki, MTN-dən polkovnikdir. Həmin şəxsin Vidadiyə üç dəfə zəng etməsinin şahidi olmuşam. Vidadinin dediyinə görə, Mirəziz Əsgərov ondan 100 min manat istəyib. Amma, onun kiməsə pul verməsinin şahidi olmamışam. Biz Goranboy rayonunda fermada olduğumuz zamanda Mirəziz Əsgərov Vidadiyə zəng vurub".
E.Abdullayev bildirib ki, V.Əzizov yük daşıma işi ilə də məşğul olub, amma o həmin yüklərin nədən ibarət olduğunu bilməyib.
Təqsirləndirilən şəxs M.Əsgərov şahidin ifadəsi ilə razılaşmayıb.
Bundan sonra qapalı davam edən prosesdə MTN zabiti Aydın Manafov və digərləri ifadə verib.
Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik M.Əsgərov barəsində 2015-ci ilin noyabr ayında həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M.Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində olan həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb.
M.Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.