Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, ötən gün yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə daxil Qubalı və Tava kəndləri sel sularına məruz qalıb.

Təbii fəlakətdən əsasən daha çox Qubalı kəndi ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evlinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.

Yaşayış evlərinin həyətlərini su basıb. Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.

Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.

Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.