Dünya futbolunda qalmaqalların, qanunsuz yola əl atanların sayı günü-gündən artır.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bunların sonuncusu Türkiyə və İspaniyada yaşanıb.
Belə ki, "Fənərbaxça"nın futbolçusu Ozan Tufan qaçaqmalçılıqla məşğul olan dəstə ilə işbirliyi etdiyi, "Barselona"nın sabiq prezidenti Sandro Rossell isə çirkli pulların yuyulmasında şübhəli bilindiyi üçün bu gün saxlanılıb.
Bu tip olaylara keçmişdə də kifayət qədər rast gəlinib. Bu yazıda onlardan bəzilərini xatırlayacağıq.
Lionel Messi -"Barselona"nın lideri İspaniyada vergi qanunlarına "ilişən" futbolçulardan biridi. Saxtakarlığa görə atası ilə birlikdə məhkəməlik olan argentinalı həbs cəzası ilə deyil, 3 milyon avro məbləğində cərimələnməklə canını qurtarıb. Buna səbəb kimi də belə cəzanın 2 ilə qədər olması və Messinin ilk dəfə bu cür məsələlərə qarışması göstərilib.
Ceymi Vardi -"Lester"in hücumçusu peşəkar futbolçu olmazdan əvvəl 2007-ci ildə döymək ittihamından polisə düşüb. Nəticədə Vardi 6 ay ayağında elektron cihazla gəzmək məcburiyyətində qalıb.
Breno Borqes -"Bavariya"nın keçmiş futbolçusu 2012-ci ildə sabotajda günahlandırılıb. Braziliyalının öz evini yandırdığı məlum olub. 2015-ci ildə həbsdən çıxdıqdan sonra ölkəsində "Sao Paulo"da çıxış etməyə başlayan 27 yaşlı mərkəz müdafiəçisi hazırda "Vasko da Qama"da oynayır.
Dankan Ferqyuson -Şotlandiyalı sabiq hücumçu 1995-ci ildə meydanda "Reyncers"in bir futbolçusunu başla vurduğu üçün ömrünün 3 ayını dəmir barmaqlıqlar arasında keçirib. Bu, Şotlandiya yığmasının sabiq üzvünün məhkəməlik olduğu 3 hadisədən biri olub.
Ahmad Elrix -Avstraliya millisinin keçmiş futbolçusu 2011-ci ildə sənədsiz silah gəzdirdiyi üçün 4 il həbs cəzasına məruz qalıb. 35 yaşlı futbolçu hazırda Sidneydə həvəskar komandalardan birində çıxış edir.
Co Barton -İngiltərəli sabiq yarımmüdafiəçi döymək ittihamından iki dəfə polisə düşüb, 2008-ci ildə 77 gün həbsdə qalıb. Bu il isə oyunlara pul qoyuluşu etdiyi üçün futboldan uzaqlaşdırılıb.
Toni Adams -19 illik "Arsenal" karyerasının gedişində içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədib. Nəticədə 4 aylıq həbs cəzasının yarısını çəkdikdən sonra içkini atıb və Britaniyanın bu sahədəki ən məşhur simalarından biri olub.
Uli Höness -Almaniya futbolunun canlı əfsanələrindən olan Höness "Bavariya"nın prezidenti olduğu vaxt 28,5 milyon avroluq vergi qaçaqçılığına görə 2 il həbs "yatıb". Ötən ilin fevralında azadlığa buraxılan 65 yaşlı futbol adamı 9 aydan sonra yenidən Münhen klubunun prezidenti seçilib.
Hakan Şükür -Türkiyə futbol tarixinin ən güclü hücumçusu sayılan Şükür ötən ilin iyul ayında ölkədə dövlət çevrilişinə cəhd edənlərdən bir sayılıb və haqqında həbs qərarı verilib. Hazırda ABŞ-da yaşayan "kral" Türkiyəyə ayaq basan kimi, saxlanılacaq.
Tanju Çolak -Türkiyə yığmasının unudulmaz hücumçusu futbol oynadığı dönəmdə aldığı avtomobilin axtarışda olduğunu öyrəndikdən sonra özünü açığa çıxarıb. Ağır Cəza Məhkəməsi bu üzdən "Qalatasaray"ın əfsanəsinə 9 illik həbs cəzası verib. Bir müddət ölkə xaricində gizlənsə də, sonradan tutulan Çolak 23 aylıq həbsin ardından 1995-ci ildə azadlığa buraxılıb.