Bakı Nəqliyyat Agentliyi mayın 25-də Bakıda 81 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
Unikal.org xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, hadisə baş verəndən dərhal sonra araşdırmalara başlanıb:
"Bakı Nəqliyyat Agentliyinə hadisə ilə bağlı məlumat daxil olandan dərhal sonra qəza törədən avtobusun GPS məlumatları araşdırılıb. Müəyyən edilib ki, Mayın 25-də saat 18:18 radələrində Rufov Şərafətdin Əlindən oğlununun idarə etdiyi , 81 saylı marşrut xətti ilə hərəkətdə olan 10 TG 451 dövlət qeydiyyat nişanlı avtobus Naxçıvanski küçəsi ilə hərəkət edərkən qarşısına çıxan kişini vurub. Qəza baş verən ana qədər avtobusun sürəti 40 km/ saat olub. Müəyyən edilib ki, həmin vaxt marşrut avtobusu sürət həddini aşmayıb. Şahidlərin sözlərinə görə, həmin an piyada sərxoş vəziyyətdə olub və qəfil avtobusun qarşısına çıxıb".
Xatırladaq ki, mayın 25-də axşam saatlarında Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub. Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. vurulan piyadanın "bomj" olduğu deyilir.