Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun ötən gün 38 yaşı tamam olub.
Unikal.org xəbər verir ki, bu münasibətlə o, əməliyyatdan sonra ilk dəfə səhnəyə çıxıb.
"Zəng adlı mono tamaşada aktyoru həmkarları, ictimai xadimlər, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də tək buraxmayıb.
Tamaşa bitdikdən sonra Rəhim ona 5 ay öncə həm maddi, həm də mənəvi dəstək olan hər kəsə təşəkkürünü bildirib. Aktyor ilk dəfə ona böyrəyini verən şəxsin kimliyini də açıqlayıb:
"5 ay öncə mənə böyrəyini verən xanım qardaşımın yoldaşı, Pərvanə Rəhimova olub. Düzdür, o, bunu söyləməyimi istəmir, amma mən ona nə vaxtsa təşəkkürümü bildirməli idim. O da bu gündür. Məni yenidən həyata qaytardığın üçün, çox sağ ol.
Daha sonra səhnəyə tamaşanın rejissoru və müəllifi Qurban Məsimov, teatrın rəhbəri Rəşad Əhmədzadə çıxaraq, aktyoru doğum günü və səhnəyə qayıdışı münasibəti ilə təbrik ediblər. R.Əhmədzadə uzun illərdir otağında saxladığı "Cırtdan kuklasını R.Rəhimova hədiyyə edib.
Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Bu ilin yanvarında aktyora yeni böyrək köçürülüb.axşam.az