Azərbaycan təmsilçisi "Qarabağ Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq.

Unikal.org-un  apasport.az-a istinadən məlumatına görə, bunun üçün ilk növbədə Ağdam klubunun özünün II təsnifat mərhələsini adlaması vacibdi.

Qurban Qurbanovun yetirmələri ilk sınağını keçirəcəyi bu mərhələdə səpələnmişlər olduğundan turu adlayacağı gözlənilir. Lakin III təsnifat mərhələsinin püşkatması iyulun 14-də baş tutacaq. Yəni, əvvəlki mərhələ başa çatmamış keçiriləcək.

Bu da o deməkdi ki, püşkdə əsasən cütlüklər iştirak edəcək. Cütlər də daha yüksək reytinqli komandanın əmsalına görə səbətlərə bölünəcək. "Qarabağ öz cütündə daha güclü sayıldığından onların əmsalı III təsnifat mərhələsinin püşkü zamanı həlledici olacaq.

Mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq "Olimpiakos, həmçinin 2-ci raundun ən yüksək reytinqli 8 və ya 9 komandasının yer aldığı cütlük səpələnmişlər sırasında yer alacaq.

Ümumilikdə, bu səbətdə 10 komanda yer almalıdı.

Hesabında 18,050 xal olan "Qarabağ II təsnifat mərhələsinin 8-ci komandasıdı. Bu isə o deməkdi ki, çempionumuz III təsnifat mərhələsindən mübarizəyə qoşulmaq iddiasında olanlar arasında 9-cu yerdədi.

Bəzi Avropa ölkələrinin çempionu bilinmədiyindən ağdamlıların mövqeyi dəyişə bilərdi. Əslində, yalnız iki çempion "Qarabağı arxada qoymaq gücündə idi. Bunlar Polşa və Çexiya təmsilçiləri idi.

Əgər bu ölkələrin ikisinin də çempionu daha yüksək reytinqli olsa, Azərbaycan klubu səpələnməmişlər sırasına düşəcək və güclü rəqiblə qarşılaşmaq təhlükəsi yaranacaqdı.

Çexiyada reytinqi 8,135 xal olan "Slaviya ən yaxın izləyicisi "Viktoriyanı qabaqlayaraq "Qarabağ üçün yol açıb. Belə ki, reytinqi ağdamlılardan çox yüksək - 40,635 olan "Viktoriyanın yarışdan kənarda qalması çempionumuzun işinə yarayıb.

Buna görə də təmsilçimiz indidən III təsnifat mərhələsinin səpələnmişinə çevrilib.

İndiyədək heç vaxt Azərbaycan klubu Çempionlar Liqasının III təsnifat mərhələsində səpələnmişlər səbətində olmayıb. 2009/10 mövsümündə "Bakı, 2012/13 mövsümündə "Neftçi, ardıcıl son üç ildə isə "Qarabağ bu raundda çıxış edib. Lakin bu 5 cəhdin hamısında komandamız səpələnməmiş olub və önünə güclü rəqib çıxıb. "Qarabağ səpələnmişlərdən olaraq, bununla ilkə imza atıb.