Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, "Jam.az saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, F. Fərəməzoğlunun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyunun 9-da davam edəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu "Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.
Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.