Aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunli kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş giziri, Rusif İbrahim oğlu Ağayev doğulduğu Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn olunub.
Unikal.org-a daxil olan məlumata görə, dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üşrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olan Rusif Ağayev 2005-cı ildə Lənkəran Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra könulü olaraq xidmətini davam etdirib. Ailəli olub, iki uşaq atasıdır.