MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesində "Vosmoy bazarının keçmiş sahibi Çingiz Əsədov ifadə verən zaman iddia edib ki, bazarın onun əlindən alınmasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin rolu olub.
Unikal.org xəbər verir ki, o, Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gələrək onu döydüyünü bildirib. "Mən ona cavab qaytaranda Rafiq Əliyev işarə etdi ki, Cəfərgil məni döysünlər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar...
2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə 4-5 min manat pul verirdilər.
Səslənən itihamlara hazırda xaricdə yaşayan R.Əliyev reaksiya verib. O, musavat.com-a bildirib ki, məhkəmə prosesində barəsində qeyd edilənlər tamamilə yalandır və həmin şəxslərin heç birini tanımır: "Məhkəmədəki iddialar tamamilə xəyal məhsuludur. Gerçəklə heç bir əlaqəsi yoxdur, həyatım boyu heç bir şəxsin malını, mülkünü almamışam, heç kimə qarşı zorakılığa yol verməmişəm. Haqqında söhbət gedən bazarla heç bir əlaqəm yoxdur. Heç həmin bazarın yolunu belə tanımamışam, - deyə, R.Əliyev əlavə edib.
R.Əliyev onu da qeyd edib ki, əgər barəsində deyilən iddialar doğru olsa idi həbsdə olduğu müddətdə zərərçəkdiyini deyən şəxslər onun barəsində şikayətçi olardılar: "Uzun müddət həbsdə yatmışam. Əgər bunlar doğru olsa idi həmin şəxslər mütləq bu iddiaları qaldırardılar, müəyyən tələblərini də irəli sürərdilər. Bir daha qeyd edirəm ki, deyilənlər yalandır və həmin şəxslərlə əlaqəm olmayıb.