Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan "Atletlər kəndindəki binaların satışa çıxarılacağı gözlənilirdi.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov hələ İslam Oyunlarından öncəki açıqlamalarının birində bunu istisna etməmişdi. Maraqlıdır, "Atletlər kəndindəki binalarla bağlı hansısa yeniliklər var?

Mövzuya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova aydınlıq gətirib. O, sayta deyib ki, "Atletlər kəndindəki bir neçə binanın satışa çıxarılması məsələsi hazırda gündəmdədir.

"2015-ci il Avropa Oyunları ilə bağlı AZINCO şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin müddəti 2017-ci ilin iyun ayının sonlarına qədər idi. Müqavilədə "Atletlər kəndində nə qədər bina var idisə, onların icarəyə götürülməsi öz əksini tapmışdı. Artıq oyunlar bitib. Sadəcə, bu məsələlərlə bağlı təhvil-təslim işləri qalır. Bundan sonra binaların hamısı AZİNCO şirkətinə geri qaytarılacaq.

Digər bir məqam da var. AZİNCO şirkəti "Atletlər kəndindəki bir neçə binanın ehtiyat olaraq boş saxlanılması təklifini irəli sürüb. Nəzərə alsaq ki, qarşıda ölkəmiz bir sıra böyük tədbirlərə ev sahibliyi edəcək, bu səbəbdən də lazım olacağı təqdirdə həmin binalardan istifadə mümkündür. Çünki bu binalar böyük yarışlar zamanı təcrübədən keçmiş yaşayış yerlərdir.

Nazirlik rəsmisinin sözlərinə görə, binaların içindəki avadanlıqların bir hissəsi artıq satışa çıxarılıb. ""Atletlər kəndində yerləşən binaların içindəki avadanlıqların bir hissəsi gəlirlərin büdcəyə qaytarılması şərtilə satışa çıxarılıb və satılır. Digər hissəsi isə müəyyən dövlət qurumları, idman obyektlərinə verilir. "Atletlər kəndindəki binalarda bəzi texniki avadanlıqlar, İT qurğuları var ki, onlara dəyilməyəcək. Yəni onlar satışa çıxarılmayacaq. Çünki hələ qarşıda böyük tədbirlər planı, yarışlar var. Həmin texnologiyalara toxunmamaqla bağlı təcrübə mövcuddur. Həmçinin, həmin texnikanı yenidən quraşdırmaq çətin məsələdir.