"Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb.
"Bakı Metropoliteni" QSC-dən Unikal.org-a verilən məlumata görə, 1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb.
Yenilənmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək. Sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq. Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək.
Yeniləşmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.