Unikal.org "Qaraca qız" filminin Xədicəsi -Leyli Axundovanın milli.az-a müsahibəsini təqdim edir:
- Sizə Leyli xanım deməyə dilim gəlmir, olarmı filmdəki adınızla sizə müraciət edim?
- Bilirəm, mənə heç kim Leyli deyə müraciət etmir. Sadəcə, Ağca, Xədicə deyə məni çağırırlar (gülür). Necə istəyirsiz elə də müraciət edə bilərsiz.
- İstərdim bugünkü fəaliyyətinizdən danışmaqla müsahibəmizə başlayaq. Hazırda nə işlə məşğulsuz?
- Mən hal-hazırda Xoreoqrafiya Akademiyasında musiqi müəlliməsi kimi çalışıram. Artıq 17 ildir. Bundan əlavə Əzim Əzimzadə adına rəssamlıq Akademiyasında uşaqlara rəssamlıq fənnini tədris edirəm.
- Musiqi müəlliməsi olduğunuz üçün, yəqin ki, elə bir gününüz olmayıb ki, özünüz üçün zümzümə etməyəsiz. Ümumiyyətlə, müğənni olmaq istəmisiz?
- Xeyr, müğənni yox, həkim olmaq istəyirdim. Buna baxmayaraq atam həkim olmağımın əksinə çıxdı. Qorxurdu ki, xəstənin dərdini çəkib, hər şeyi ürəyimə salaram. Çünki mən 9 ildən sonra dünyaya gəlmişdim. Nə qardaşım vardı, nə də bacım. Valideynlərim, bir sözlə, üstümdə əsirdilər. İndi isə onların heç biri həyatda yoxdur. Deyə bilərəm ki, mən yetiməm (ağlayır).
- "Qaraca qız" filmi ilə kino tariximizdə qaldınız. Bugünkü uşaq filmlərinin çəkilməməsi, yaxud az çəkilməsi sizi bir uşaq filmi qəhrəmanı kimi narahat etmir?
- Əlbəttə ki, çox narahat edir. Bugünkü gündə mən qətiyyən uşaq filmlərinin çəkildiyini görmürəm. Heç bir rejissor bu haqda fikirləşmir. O vaxtı uşaqların dünya görüşünün artması üçün bu tip filmlər çox idi. Hətta böyüklər də o filmlərə çox maraqla baxırdılar. Uşaqlar üçün elə ibrətamiz filmlər çəkilməlidir ki, onlar həyatı dərk etsin. Ən azından özlərinə dost seçəndə və s.
- Məhz elə "Qaraca qız" filminin mövzusu da dostluq üzərində qurulmuşdu. Bildiyimə görə, o həyatı siz, həqiqətən də, yaşamışdız.
- Mən elə indi də o həyatı yaşayıram. Özümə dost seçəndə pulunu, vəzifəsini əsas tutmuram. Əsas ürəyimə yaxın insan olsun. Həmişə ürəyi təmiz insanlar mənim yanımda olub. Məndə qətiyyən paxıllıq yoxdur.
- Bu filmdən sonra sizə filmdə çəkilmək üçün dəvətlər çox oldu, yoxsa, ümumiyyətlə, dəvət gəlmədi?
- Bəli, dəvətlər çox oldu. Mən o zaman hələ uşaq idim. Atam qoymurdu, çünki istəmirdi bu sənətə yiyələnim, deyirdi ki, bir qızım var, aktrisa olmasını istəmirəm.
- Atanızın bu istəyinə qarşı çıxmadınız?
- Xeyr, çünki mən də istəmirdim. Çünki aktrisa olmaq çox çətindir. 7-8 yaşımda bu filmə çəkildim, başa düşdüm ki, asan sənət deyil. Bu həyatı sən yaşamalısan.
- Elə çəkilişlər oldumu onlardan imtina edəsiz?
- Bəli, çox olub. Rəhmətlik rejissor Şamil Mahmudbəyov deyirdi: "Leyli, məncə, bu dubl yaxşı alınmayıb, gəl yenidən çəkək". Mən də cavabında deyirdim ki: "Xeyr, mən fikirləşirəm ki, bu, çox yaxşı alınıb" (gülür). Onlar da bizim nazımızla oynayırdılar. Bəzən də deyirdim ki, bu günlük bəsdir, qoy qalsın sabah çəkilərik (gülür).
- Filmdə Tutunun uşaqlığını Sevil Zeynalovadan əlavə də bir xanım oynayıb. Amma Tutu kimi hamı Sevil xanımı tanıyır. İstərdim buna da bir aydınlıq gətirəsiz.
- Bəli, Tutunun qaraçılarla oynayıb pul qazanan vaxtlarını, yəni körpəliyini digər bir xanım oynayıb. Təəssüf olsun ki, filmin bir çox hissəsini montaj ediblər. Film 1 saat 20 dəqiqı efirə getməli idi, amma filmi kəsib 45 dəqiqə etdilər. Şamil müəllim çox yumşaq bir insan idi. Ayağını dirəsəydi, film tam gedəcəkdi. Filmə baxanda deyirəm ki, heyif ki, bu hissəsi yoxdur.
- Filmin digər qəhrəmanları ilə əlaqələriniz qalıb?
- Qaraca qız kimi tanıdığınız Sevil xanımla 2 il əvvəl məktəblilərin görüşündə olduq. Tutunun körpəliyini oynayan xanım da gəlmişdi. Şəfiqə xanımla isə, demək olar ki, 10 ildir görüşmürük. Sonuncu dəfə məni görəndə təəccüblənib demişdi ki, "Leyli, səni soyuducuda saxlayırlar? Niyə qocalmırsan?"(gülür). Çox istərdim ki, Şəfiqə xanımla yenidən görüşüm.
- Məncə də dəyişilməmisiz. Yəqin ki, özünüzə xüsusi diqqət ayırırsız.
- Bəli, məncə, insan özünə həmişə vaxt ayırmalıdır. Atam həmişə anamla mənə vəsiyyət edirdi ki, mən öləndə çaş-başqalmayın. Stollarda yaxşı servislər, bəzəkli qab-qaşıq qoyun. Cümə axşamından öncə gözəllik salonuna gedin, sonra gəlib camaatın yanında oturun. Deməsinlər ki, mənim qızım, nəvələrim yoldaşım pis gündədir. Ona görə də mən anamla hər cümə axşamı gözəllik salonuna gedib, sonra camaatın arasına çıxırdıq. Mən hələ də atamın vəsiyyətinə əməl edirəm.
- Şəfiqə xanım çəkilişlərdən kənar sizə ana qayğısı göstərirdi?
- Xeyr (gülür). O, sadəcə, bir aktrisa kimi öz rolunu oynayırdı. Atam, anam bütün işlərini atıb, mənim çəkiliş meydançalarıma gəlirdilər.
- Qadın kimi xoşbəxtsiz?
- Mənim 2 qız övladım, 3 nəvəm var. Ana kimi xoşbəxtəm, amma qadın kimi yox.