İyunun 7-də axşam saatlarında Gürcüstanda baş vermiş güclü zəlzələ Azərbaycanın Gürcüstanla sərhəd rayonlarına da təsirsiz ötüşməyib.
Unikal.org-un məlumatına görə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev Trend-ə açıqlamasında bildirib ki, zəlzələ rayon ərazisində ciddi hiss olunub:
"Hadisə nəticəsində rayon mərkəzində və kəndlərdə evlərdə çatlar əmələ gəlib. Hazırda hadisə ilə bağlı yaradılmış komissiya yerlərdə mənzillərə və obyektlərə baxış keçirir. Hələlik evlərdə dağıntıların olub-olmaması barədə dəqiq məlumat yoxdur. Araşdırmalardan sonra fəsadlar barədə dəqiq məlumat bilinəcək".
Qazax rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, rayon ərazisində axşam saat 23 radələrində zəlzələ 3 bal gücündə hiss olunub. Amma hələlik yerlərdə mənzil və obyektlərə ziyan dəyməsi barədə məlumat daxil olmayıb.
Tovuz rayonunda da zəlzələ 3 bal gücündə hiss olunub, lakin fəsadlar barədə rayon İcra Hakimiyyətinə məlumat daxil olmayıb.
Göygöl rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayon ərazisində zəlzələ cüzi hiss edilib və dağıntı olmayıb.
Xatırladaq ki, iyunun 7-də axşam saat 23 radələrində Gürcüstanda 5.1 bal gücündə zəlzələ olub.