Azərbaycan Texniki Universitetində "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti mövzusunda tədbir keçirilib.
Unikal.org-un məlumatına görə, tədbirdə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov çıxış edərək mövzu ilə bağlı vacib məqamlara toxunub. O, qeyd edib ki, əvvəllər işə qəbul zamanı vətəndaşların bilik və bacarıqları, şəxsi keyfiyyətləri nəzərə alınmırdı, tanışlıq və başqa neqativ meyyarlardan istifadə edilirdi: "Biz bunun qarşısını almaq üçün 2006-cı ildən başlayaraq dövlət qulluğuna ikimərhələli müsabiqə əsasında qəbul keçirməyə başladıq. Həmin iki mərhələdən birincisi test imtahanıdır. Bu, namizədlərin minimal bilik səviyyəsini yoxlamağa imkan verir. İkinci isə müsahibə mərhələsidir.
Dövlət qulluqçusu olmaq istəyənlər, bacarığına, biliyinə və şəxsi keyfiyyətlərinə güvənən şəxslər müsabiqədə iştirak edə bilərlər. Şəxsi keyfiyyət çox vacib məsələdir. Bilik və bacarıq dövlət qulluğunda çalışmağa kifayət etmir. Dövləq qulluqçusu olacaq şəxs sabah dövlət adından insanlara ximət göstərəcək və bu səbəbdən onun şəxsi keyfiyyətləri nəzərə alınır. Ona görə də Azərbaycanda "Dövlət Qulluqçularının Etik Davranış Qaydaları qəbul edilib. Hər bir dövlət qulluqçusu həmin qaydalara riayət etməlidir.
B.Xəlilov qeyd edib ki, DİM mülkü dövlət qulluğuna qəbul aparacaq: "Dövlət qulluğuna qəbulu Dövlət İmtahan Mərkəzi həyata keçirəcək. Hər vəzifə üzrə onun tutulma şərtləri var. Namizədə qarşı qoyulan konkret tələblər göstərilib. Vəzifə seçən zaman bunu tam təhlil etmək lazımdır. Bunun üçün də bütün şərait var. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi(DİM) mülkü dövlət qulluğuna qəbul aparacaq. Yəni, hüquq-mühafizə orqanlarının fəaliyyəti onların öz qanunvericilikləri ilə tənzimləndiyindən, DİM yalnız test imatahanlarını keçirəcək. Digər mərhələləri həmin orqanların özü təşkil edəcək.
DİM rəsmisinin sözlərinə görə, 10 il ərzində keçirilən müsabiqələr nəticəsində 6 mindən çox vətəndaşımız dövlət qulluğuna qəbulda vakant vəzifələri tutub və artıq onların bir çoxu vəzifələrində yüksəliblər: "Bildiyiniz kimi Prezident İlham Əliyev gənclər siyasətinə çox mühüm əhəmiyyət verir. Bizim də məqsədimiz ondan ibarətdir ki, bacarıqlı, bilikli gənclərimizi dövlət qulluğuna qəbul edək. 10 il ərzində keçirilən müsabiqələr nəticəsində 6 mindən çox vətəndaşımız dövlət qulluğuna qəbulda vakant vəzifələri tutub. Artıq onların bir çoxu vəzifələrində yüksəliblər. Həmin 6 minin 80 faizindən artığı gənclərdir. Bu səbəbdən biz, bir çox dövlət qulluğundakı vakansiyalarda "staja dair olan tələbləri aradan qaldırmışıq. Artıq, magistraturanı və bakalavrı bitirən şəxslər gəlib dövlət qulluğunda çalışa bilərlər.
Həsən Babayev