Madridin "Real" klubunun və Braziliya yığmasının keçmiş müdafiəçisi Roberto Karlos dopinqdən istifadə etməsi ilə bağlı ittihamları rədd edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Almaniyanın "ARD" telekanalının jurnalisti Hayo Zeppelt braziliyalı futbolçunun qadağan olunmuş vasitələrdən istifadə etməsi ilə bağlı filmi nümayiş etdirib.

Lakin futbolçu bununla bağlı iddiaları rədd edib. "Mən alman telekanalı "ARD" tərəfindən irəli sürülmüş məsuliyyətsiz ittihamları qəti şəkildə rədd edirəm və bildirirəm ki, heç vaxt həmkarlarım qarşısında mənə üstünlük verən heç bir vasitədən istifadə etməmişəm" - deyə Roberto Karlos bildirib.

O, iddia edib ki, reportajdakı şəxsləri də tanımır və bu məsələ hüquqi müstəvidə araşdırılacaq: "Reportajda adı çəkilən həkimi tanımıram və mənim vəkillərim məsələni araşdırmağa başlayıblar. Biz onlardan bunu məhkəmə və ictimaiyyət qarşısında sübut etməyi tələb edəcəyik" - deyə keçmiş futbolçu əlavə edib.