Bu il 14-17 sentyabr tarixində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan XİN konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi İrəvanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırır. "Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq.
H. Hacıyev bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq.