Unikal.org Azəbaycan Dövlət Filarmoniyasının solisti, ilk opera-rok və pop ifaçısı Lətifə Soyuözün Ailem.az-a müsahibəsini təqdim edir.
-Lətifənin həyatında sanki yeni bir dönəm başlayıb.
- Bəzən həyatdan istədiyin şeyləri ala bilməyəndə yorulursan, depressiyaya düşürsən, iş görmək istəmirsən. Son vaxtlar gördüm ki, çox yorulmuşam. İnsanların ikiüzlülüyündən, söz verib yerinə yetirməmələrindən... Belə münasibət mənə çox pis təsir edir. Çünki mən hamıya qarşı yaxşı olmağa çalışıram. Boşuna vəd vermirəm, heç kimi yarı yolda qoymuram. Gördüm, ətrafım da yorğundur, hər şey sanki üst-üstə gəldi, dedim, uşaqlar, gəlin gedək Şəkiyə, bir az dincələk. Orda mənim dostlarım var. Gedib dincəldik. Bütün ağırlığımı, pis enerjimi orda qoyub gəldim. Təmiz havada gəzmək mənə yaxşı təsir etdi. Bakıya tam başqa əhval-ruhiyyədə qayıtdım. Sonra gördüm ki, həyatımda dəyişikliklər başladı. İndi həyatımda dəyişiklik var, bəli, özümü də yaxşı hiss edirəm.
-Həyat yoldaşınızdan ayrıldıqdan sonra yeni bir Lətifə ortaya çıxdı sanki.
- Əslində o Lətifə hər zaman var idi. Sadəcə sənətə yeni gələndə bir az çəkinirsən, amma sonra bizim aləmlə daha doğmalaşdım, yaxınlaşdım. Yavaş-yavaş özüm olmağa başladım. Elə oldu ki, həyatımda dəyişikliklə arıqlamağım üst-üstə düşdü. Əslində mən əvvəllər də şort geyinirdim. Sadəcə bir ara çəkimlə əlaqədar geyimimə məhdudiyyətlər qoyurdum. Mənim əhval-ruhiyyəm geyimimə görə dəyişir. Ciddi geyinirəmsə, demək ciddiyəm, əgər şortdayamsa, demək, daha rahatam. Elə bir dönəm gəldi ki, arıqladım, şortlara keçdim. Şort geyinməyimin həyat yoldaşımla ayrılmağımla heç bir əlaqəsi yoxdur. Sadəcə həmin dönəmdə həm arıqladım, incəsənət, şou-biznes ortamına doğmalaşdım və artıq özüm olmağa başladım. Əslində mən hər zaman əyləncəli insan olmuşam. Dostlarım mənsiz heç vaxt əylənməyə getməzlər. Deyirlər, sən olmasan əyləncə olmur. Danışıb-gülməyi sevirəm. İnsan var ki, uzun müddət depressiyada qalır. Mən uzaq başı 3-4 gün, sonra mütləq özümü depressiyadan çıxardıram. Amma sözsüz ki, insan dəyişir. Mən bu gün 16 yaşımdakı kimi deyiləm. İllər sənə çox şey öyrədir. Öyrənirsən ki, hər şey göründüyü kimi deyil. Çətinlikləri, ağrıları keçə-keçə həyata baxışın dəyişir. Və sən olursan artıq başqa biri. Amma içindəki insan hər zaman səninlə qalır.
-Ayrıldıqdan sonra sənətinə daha çox bağlanmağın diqqətdən yayınmır.
- Düzdür. Həyatımda bir dönəm yaşadım və başa düşdüm ki, nə yaxşı bu sənətim varmış. Bu sənət məni həyatımın ən pis anında, ən pis depressiyadan çıxardı. Mən sənətimə daha çox bağlandım və həyatımda baş verən mənfi şeyləri düşünməməyə çalışdım. Görməzdən gəldim və sənət məni çəkdi apardı. Sənətim olmasaydı, çökərdim, bəlkə də özümə başqa yol seçərdim. Mən hər zaman ailəni sənətdən üstün tutmuşam. Deyirdim, ailə birinci, sənət ikincidir. Ailə məni heç vaxt tərk etməz. Sonra gördüm edə bilər. Və anladım ki, sənət də ailə qədər vacibdir. Ona görə də sənətin varsa, ondan bərk-bərk yapışmaq lazımdır.
-Özü-özünə dedinmi ki, demək,sevgi hər zaman xilasetmir?
- Dedim. Mən əslində eşqlə dolu insanam. Sevgi gözəl hissdir. İnsan sevəndə səhəri başqa cür açılır, axşamı bir başqa olur. Bütün günü gözəl əhvalda qalır. Sənin halından, əhvalından, o ankı görünüşündən, xəstə olub-olmamağından asılı olmayaraq, sevgi varsa, o, sənin yanında olacaq. Yox, əgər insanın sənə sevgisi azalırsa, o, səni tərk edir. Bu isə artıq sevgi deyil.
-Demək,sevgi bitə bilər nə zamansa.
- Əlbəttə. Kim deyir insan bir dəfə sevir, yalan deyir. İnsan yenə də sevir. Sevirsən, alınmır, onun yerinə başqası gələ bilər. Şəxsən mən elə bilirdim, çox sevilirəm. Amma sonra gördüm ki, yerimi doldura biləcək başqa bir insan var. Onda anladım ki, aradan çəkilmək vaxtıdır. Sözsüz ki, görəndə az sevilirsən, qüruruna təsir edir. İki insan bir-birini həqiqətən çox sevirsə, onların qarşısında heç bir əngəl ola bilməz. Mən heç bir zaman insanları qınamıram. Deyirəm, bu, ürəkdir, səni sevib, sonra başqasını görüb, ona aşiq olub. Sadəcə bir şeyin tərəfdarıyam ki, elə bir şey olanda insana demək lazımdır. Aldanmağı sevmirəm. Etiraf etməlidir ki, səninlə alınmır, olmur, bacarmıram. Onda mən həmin insana çox böyük hörmətlə yanaşaram. Çünki insanın üzünə deyir, arxasınca iş çevirmir.
-Onda belə çıxır ki, asanlıqla vaz keçə bilərsiniz.
- Başqasını məndən üstün tutarlarsa, həmin dəqiqə vaz keçərəm. Lap sevsəm də, mübarizə aparmaram. Qürurum sevgidən yüksəkdədir. "O, məni sevməlidir, - deyib birinin arxasınca düşməyi anlamıram. Çünki insanı sevməyə məcbur etmək olmaz. Sənə qarşı sevgisi varsa, onsuz da səni buraxmayacaq. Əgər sevmirsə, onda burax getsin. Ağladığına görə, sənə geri qayıda bilər, amma yenə eyni şey olacaq. İki insan bir-birini sevirsə, hə, bir-birindən bərk-bərk yapışmalıdırlar. Amma əgər biri sevmirsə, onun arxasınca qaçmaq mənasızıdır.
-Bir çox ailələrdə sevgi ya yoxdur, ya birtərəflidir. Amma ailəni qorumaq naminə birlikdədirlər.
- Mən buna yaxşı baxmıram. Elə bir şey varsa, insanlar hörmətlə ayrılsınlar. Hay-həşirlə yox, hörmətlə ayrılsınlar və övladlarına sevgi versinlər. Bir evdə ayrı-ayrı insanlar kimi yaşayırlar, nədi-nədi desinlər ki, ailəsi var. Hər iki insanın xoşbəxtliyə haqqı var. Yalandan adı olsun ki, ailəlidir, amma ailə olmasın. Mənə görə, bu, yanlışdır, ikiüzlülükdür. Həm cəmiyyətə, həm evində yaşadığın insana, həm də övladına qarşı. Mən çox sevdiyim insanları paylaşmıram. Sevdiyim insandan vaz keçərəm, amma paylaşmaram.
-Sən necə, həyatında yeni səhifə açmağa hazırsan?
- Əlbəttə. Mən də insanam, mən də qadınam, mənim də sevgiyə ehtiyacım var. Hər bir qadın və kişinin sevib-sevilməyə ehtiyacı var. Mən uzun müddət tək qaldım. İstərdim həyatımda kimsə olsun. Amma mən çox seçici bir insanam. O insan mənim kimi əyləncəli olmalıdır, hər şeyin yerini bilməlidir, cəmiyyətdə özünü aparmağı, düzgün davranmağı bacarmalıdır. Belə bir insana həyatımda yer olar. Əsas sevgidir. Yalnız sevdiyim insana həyatımda yer verərəm.
-Yenidən ailə qurmağı düşünürsən?
- Əgər bir insanla münasibətim olarsa, onun sonu ailə ilə bitməlidir. Keçici münasibət mənə görə deyil. Keçici münasibətlər başqasının ailəsinə də xələl gətirmək kimi bir şeydir. İstəmərəm kiminsə ailəsini dağıdım. Hər bir ailə xoşbəxt olmağa layiqdir. Kiminsə ailəsinə girib dağıtmaq lazım deyil. Mən yalnız ciddi münasibəti sevirəm. Qarşımda ciddi insan olarsa, niyə də ailə qurmayım?!
-Bilirəm ki, həyat yoldaşınızla bir-birinizi gənc yaşlarınızda sevmişdiniz. Uzun illər də evli olmusunuz. Amma bəzən insan səhv edə bilər və səhvini anlayıb,peşman olub,geri qayıda bilər.
- Mən dostluq, insanlıq münasibətini saxlaya bilərəm, amma geri dönüşü yoxdur. Ürək bir dəfə sınırsa, ikinci dəfə onu birləşdirmək mümkün deyil. Artıq istəyirəm hər kəs öz həyatını yaşasın. Mən də həyatımda yeni bir dönəmə başlamışam. Düşünürəm ki, artıq bir araya gəlmək mümkün deyil. Çox gözəl münasibətdəyik, danışırıq, övladımız var. Amma artıq geri dönmə imkanı və ehtimalı yoxdur.
-Bir qadınlıq qüruru da var-məni necə başqasına dəyişə bilər?! Bunu sən də düşündün?
- Bu sualı mən də özüm-özümə verdim. Biz deyirik ki, insan səhvə yol verir. Amma bəlkə onun axtardığı başqa birində olub. Ona görə də mən heç kimi qınamıram. Hamının seçiminə hörmətlə yanaşıram. Düşünürəm ki, həyatda nə baş verirsə, yaxşılığa doğrudur. Bəlkə onun üçün də daha yaxşı bir şey olacaq, ürəyi istədiyi kimi yaşayacaq. Bəlkə mən də ürəyim istədiyim kimi yaşayacam. Ona görə də mən ayrılığa faciəvi yanaşmadım. Hələ ki, açıqlamadığım məqamlar var. Bunları bəlkə çox illər sonra etiraf edə bilərəm. Çünki mənim üçün ağır mövzudur. Sözsüz ki, təzə-təzə ağır keçirdim, amma sonra anladım ki, hər bir insanın xoşbəxt yaşamağa haqqı var. Olmadı mənim yanımda, olsun başqasının yanında. Mənim də xoşbəxtliyə haqqım var. Çünki pis insan deyiləm. Fikrimcə, ailə üçün çox yaxşı xanımam. Bilirəm ki, həyatımda sevdiyim insanı çox xoşbəxt edə bilərəm.