Son zamanlar şadlıq saraylarında, restoranlarda mənşəyi bəlli olmayan şirələrə və mineral sulara rast gəlirik. Su və meyvə şirəsi şüşələrinin üzərindəki etiketlər bizə tanış olmadığı kimi, dadında da fərqlilik hiss olunur. Bu məhsulların kustar üsulla restoranların zirzəmilərində hazırlandığı heç kimə sirr deyil. 

Restoranlarda içdiyimiz bu cür içkilərin insan həyatı üçün təhlükəli olduğunu bilsək də, təəssüf ki, qarşısını ala bilmirik. Əsasən şadlıq saraylarında bu cür sular süfrəyə qoyulur.

Unikal.org musavat.com-a istinadən bildirir ki, söhbət adını eşitmədiyimiz, mağazalarda açıq satışda olmayan içkilərdən gedir. Şadlıq saraylarında "Platin", "Vitos", "My Fruit" adlı içkilər var ki, harada istehsal olunması, hansı ölkədən idxal olunması ilə bağlı üzərində heç bir məlumat yoxdur.

Bu içkilər harada istehsal olunur? Hansı şəraitdə sertifikatlaşdırılır?  Mağazalarda varmı? 
Bu suallara aydınlıq gətirmək üçün  paytaxt Bakıda bir neçə iri və xırda marketlərdə  həmin məhsulların satışda olub-olmadığını öyrənməyə çalışırıq.

Lakin heç bir mağazada "Vitos" və "Platin" şirələrinin adını-dadını bilən kimsə tapa bilmədik. 

Tural adlı satıcı bu içkilərin saxta və keyfiyyətsiz olduğunu bildirdi: "Həmin içkilərin adlarını ilk dəfədir eşidirəm. Biz mal götürdüyümüz şirkətdə belə sular yoxdur. Yəqin, kimdirsə, gizli şəkildə özü  hazırlayıb satır. Belə şeylər çox eşidirik. Çox qazanmaq üçün qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər".

"Vitos" sularının harada istehsal olunduğunu öyrənmək üçün "Anar" şadlıq sarayı ilə əlaqə saxladıq. Adminstratordan "Vitos" içkisinin Masazır qəsəbəsində hazırlandığını öyrənirik. "Mağazalarda niyə yoxdur?" "Sertifikatı varmı?" sualına gəlincə, administrator bu məhsulun yalnız şadlıq saraylarına verildiyini bildirdi: "Bu sular mağazalarda yoxdur. Yalnız restoranlara, şadlıq saraylarına verilir. Topdansatış qiyməti 80 qəpikdir".
Bir neçə restorana da müştəri qismində  baş çəkib içkilərlə tanış olduq. Adi və qazlı suların hansı şirkətdə istehsal olunduğu bəlli olsa da, meyvə şirələrinin və kompotların bizə tanış olmayan firmalara məxsus olduğunu gördük. Restoran administratorları isə bu məhsulları topdansatışdan aldıqlarını bildirdilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov adı bəlli olmayan belə meyvə şirələri və suların şadlıq saraylarının zirzəmilərində  istehsal olunduğunu dedi: "Bakıda 3-cü mikrorayonda yerləşən məşhur şadlıq sarayı var. Orada adı və mənşəyi bəlli olmayan saxta sular və şirələr istehsal olunur. Belə ki, restoranlar zirzəmilərində "mini zavod" açaraq qanunsuz fəaliyyət göstərirlər. Bildirmək istəyirəm ki, həmin məhsulların qapağı qırmızı və yaşıl rəngdə olur. Hazırda mənim masamın üzərində də saxta məhsul qablaşdırması var. "Meyvəli dad" alça kompotu. Deməli, "Azərsun" şirkətinin məhsulunun şüşələrinə doldurulub və üzərinə "L.TeleEF." şirkəti yazılıb. Şüşənin altında isə "Azərsun" şirkətinin loqosu var. "Gold Star" isə yalnız bu şüşələrdə olur. Görünür, "Azərsun" şirkətinin bu haldan xəbəri yoxdur. Həmin şirkət çölə atılan şüşələri toplayıb, insan həyatına təhlükə yaradan məhsullar bağlayır. Təəssüf ki, belə hallara tez-tez rast gəlinir. Bütün bunlara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət edir. Onlar isə nəzəri cəhətdən yaxşı, praktiki cəhətdən zəif işləyirlər. Mən bu məsələ barəsində nazirliyin tədbirində də demişəm. Qeyri-qanuni yolla qazancını artırmaq istəyən "işbazlar" insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olurlar. İnsanların çoxu klinikalara, apteklərə baş vurmalı olurlar. İnanıram ki, bunun qarşısını alacağıq".

Ekspert Azərbaycanda 800-ə yaxın mal və xidmət növünün sertifikatlaşdırılmadığını dedi: " Mən bu gün İqtisadiyyat Nazirliyinin komandası ilə görüşdüm. İstehslakçı hüquqlarının qorunması sahəsində zəif işin aparıldığını qeyd etdim. Əlimdə bir siyahı da var. İlk dəfə bunu sizin qəzetə deyirəm. 800-ə qədər mal və xidmət ölkədə sertifikat almadan fəaliyyət göstərir. Nazirlər Kabinetinin 343 saylı qərarı var. Məcburi qaydada sertifikatlaşdırma siyahısı. Yəni insanların təhlükəsizliyini təmin etmək üçün, istənilən məhsul ölkə bazarına girməzdən öncə sertifikatlaşmalıdır. Misal üçün, ölkədə satılan "Chevrolet" markalı avtomobillər, "Desant" MMC-nin tibb avadanlıqları məcburi qaydada sertifikatlaşdırılmalı olduğu halda sertifikatlaşdırılmayıb. "Azərneft" MMC-nin tibb avadanlıqları, Azərbaycanda fəaliyyət göstərən "Daewoo Motors"  avtomobilləri, "Artikaplyus" MMC-nin kompressor malları, "Kia motors" avtomobilləri də həmçinin. Biz artıq adıçəkilən şirkətlərə rəsmi qaydada məktublar göndərmişik".