Əməkdar artist Firuzə İbadovanın mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovla əlaqədar pul qalmaqalı getdikcə böyüyür. İşə polis qarışmalı olub.
Unikal.org xəbər verir ki, yenicag.az-a açıqlama verən F. İbadova Yasamal polisinə müraciət etdiyini deyib:
"Orxan dəfələrlə məni arxayın edib ki, gətirib pulu qaytaracam, amma hələ də xəbər-ətər yoxdur. Bir dəfə Cavanşir Məmmədov da çağırıb onunla söhbət elədi, o da söz verdi ki, mütləq borc qaytarılacaq. Buna görə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişəm. Rəhmətlik İlhamə xanım sağ olsaydı, pulumu çoxdan qaytarardı. Həmin ərəfədə o, xəstəxanaya düşdü, köməkçisi ilə məhkəmə davaları oldu. Ara qarışdı. Hətta xəstəxanaya yanına getmişdim, orda dedi ki, Orxan pulu qaytarmasa, ver polisə. O, rəhmətə getməzdən bir gün qabaq telefonla danışdıq. Mənə dedi ki, Orxandan pulunu alıb qaytaracam. Çox hirslənmişdi, hətta oğlunun ünvanına kobud söz də dedi. Səhəri gün Əli Mirəliyev zəng elədi ki, İlhamə artıq həyatda yoxdur. Elə orda Əlinin qızı dedi ki, istəyirsən, İlhamə xanımın qızıllarından götürüb sənə verək, razılaşmadım. Dedim, ayıbdır, meyid ortalıqda, mənə yaraşmaz.
F. İbadova mərhum həmkarının ruhunun da narahat olduğunu deyib:
"İlhamə xanımın ruhu narahatdır, çünki borc qaytarılmayıb. Bir-iki gün əvvəl yuxuda gördüm, dedi, üşüyürəm, ayaqlarımı ört. Sonra da qayıtdı ki, Fira, mənim paltarlarımın arasında şalın var, onu apar. Mən durum pulumu kimdən istəyim? Bacısı Gülbahar xanıma deyəcəm, o da yaxasını kənara çəkəcək ki, bəyəm pul alanda mən yanınızda idim? Əslində, qaytara bilər. O varidatdan oğluna çatsaydı, heç olmasa, borcumu qaytarardılar.
Qeyd edək ki, İ.Quliyevanın oğlu O.Nadirov bir neçə il əvvəl Firuzə İbadovadan qızını işə düzəltmək məqsədilə 7 min manat alıb. Sonradan iş alınmayıb, amma pulu da qaytarmayıb.