Prezident İlham Əliyev "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunu imzalayıb.

Unikal.org-un xəbərinə görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Qanun 3 fəsil, 17 maddədən ibarətdir.

Qanuna əsasən, etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Qanunun müddəalarının bələdiyyə üzvü tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslərdən şikayət yaxud digər məlumatın daxil olması, kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi intizam icraatının başlanılmasına səbəb ola bilər.

İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri kimi xəbərdarlıq, töhmət verilə bilər.

İntizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.

Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.

Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir.