Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim dövrə və orta əsrlərə aid, mədəni, tarixi, arxeoloji əhəmiyyət kəsb edən sikkələrin ölkədən çıxarılmasının qarşısını alıblar.
DGK-nın Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı-Aktau aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan vətəndaşı Abbasov Mirəli Əzim oğlu üzərində olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına təqdim etmədən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib.
Lakin həmin şəxsin hərəkətləri şübhə doğurduğundan ona məxsus əl çantası rentgen aparatından keçirilib. Baxış zamanı gömrükçülər monitorda metal sikkələrə bənzər təsvirləri müşahidə edib. Bundan sonra M. Abbasov müvafiq qanunvericiliyə uyğun olaraq gömrük yoxlamasına dəvət olunub. Yoxlama zaman vətəndaşa məxsus əl çantasının içərisindən, əl-üz dəsmalına bükülü və müxtəlif hissələrdən tikilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilən, üzərlərində müxtəlif şəkil və yazılar həkk olunan 200 ədəd metaldan hazırlanmış sikkə aşkar edilib.
Aşkar edilən əşyalar Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində ekspertizadan keçirilib. Ekspertizanın nəticələrinə görə təqdim edilən predmetlər qədim dövrə və orta əsrlərə aiddir, mədəni, tarixi, arxeoloji əhəmiyyət kəsb edir. Eyni zamanda, həmin sikkələr Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinə aiddir və Azərbaycan Respublikasının ərazisindən aparılması qadağandır.
Faktla bağlı araşdırma aparılır.