"Məktəb vaxtlarımdan fərqli, gözəl geyinməyi sevirəm. Məktəbdə deyirdilər ki, Lətifə qısa geyinir. Anam deyirdi, yaxşı, indən sonra uzun geyinər. Onda da etiraz edirdilər ki, yox, Lətifəyə uzun yaraşmır. Bir dönəm oldu ki, mən ancaq "qaraçı ətəkləri geyindim. Bir müddət tam qapalı geyindim, bir müddət də yalnız şort geyindim. Dönəm-dönəm geyim tərzim məndən asılı olmayaraq dəyişir. Amma bir xətt var ki, onu dəyişmirəm - özünəməxsusluq. Öz tərzimi yaratmışam. İç dünyamı geyimlərimə yansıta bilirəm. Əyləncə, cəsarət, gizlilik, açıqlıq var geyimlərimdə.
Unikal.org xəbər verir ki, bunu ailem.az-a açıqlamasında Azəbaycan Dövlət Filarmoniyasının solisti, ilk opera-rok və pop ifaçısı Lətifə Soyuöz deyib.
O, həm öz zövqünə görə, həm də dizaynerin məsləhəti ilə geyindiyini açıqlayıb:
"Renat Ramazanov bu işdə mənə kömək edir, şəxsi modelyerimdir. O da zövqümə güvəndiyini deyir. Xüsusi gecələrə tikilmə geyimlər geyinirəm. Proqramlara xüsusi geyimlərdə çıxıram. Sevdiyim brendlər var, amma desəm ki, bütün günü o markalardan geyinirəm, yalan olar.
Sənətçi indiyədək ən çox pul xərclədiyiniz geyimlərdən də danışıb. Onun sözlərinə görə, özü bir geyimə ən çox 7-8 min pul xərcləyib. Ancaq ona bundan da bahalı geyimlər hədiyyə ediblər:
"12 min manatlıq geyimim olub. Bu, mənə hədiyyə idi. Mənim üçün dəyərli bir insan hədiyyə edib. O insan mənim şans mələyimdir. Son vaxtlar da bir hədiyyə almışam. Dostum Renat həmin geyimin dizayneridir. 29-30 min manatlıq geyimdir. "Fashion week gecəsində geyinmişdim. Gəlinliyə bənzər həmin geyimi mənə hədiyyə etdilər. Amma 25 manatlıq da nəsə alıb geyinə bilərəm. Mənim üçün qiymətin bir o qədər də önəmi yoxdur. Xoşuma gəlirsə, alıb geyinirəm. Kliplər üçün də geyimlərim bahalı olur. Xüsusi parçalardan hazırlanır, dizaynerim tikir. Bu məsələyə də çox həssas yanaşıram. Gündəlik geyimim bəlkə də önəmli olmaya bilər. Sadə şalvar geyinib çıxa bilərəm. Amma önəm verdiyim məkanlara xüsusi gedirəm. Düzdür, geyimi çox sevirəm, amma dostlarımla əyləncəni ondan da çox sevirəm. Oturub sənətdən, həyatdan danışırıq, bu, mənə daha çox zövq verir, nəinki hansısa bir əşyaya pul vermək. Bir də ki, mən heç vaxt pul yığmıram. Kənara pul qoyub yığa bilmirəm. Buna görə anam hər dəfə məni danlayır. Pul xərcləməyi sevirəm, yığmağı yox.
L.Soyuöz aksessuarları çox sevdiyini də dilə gətirib. Deyir ki, aksessuar taxmayanda özünü narahat hiss edir. Hətta idman üslubunda geyinəndə də mütləq aksessuar taxır:
"Bu, mənim xəstəliyimdir. Xüsusən də böyük aksessuarlar. Lap idman üslubu ilə qaşlı nəsə taxa bilərəm. Çox insanlar, hətta stilistlər də bəzək əşyalarından çox istifadə etdiyimi deyir. Bəlkə də başqası mənim də qədər taxsa, bu cür yaraşmaz. Yaxşı ki, onları yaraşdırmaq zövqüm var. Desəm ki, hamısı brilliantdır, daş-qaşdır, yalan olar. Bijüteriya olanları da var, bahalı daş-qaşlı olanları da. Amma bijüteriya alanda da keyfiyyətlisinə üstünlük verirəm. Daşları maraqlı olsun.