Bir neçə günlük döyüş əməliyyatları nəticəsində ağır zərbə alan erməni tərəfi hazırda məğlubiyyətlərinin səbəblərini araşdırmaqla məşğuldur.
Unikal.org gün.az-a istinadən bildirir ki, armtoday saytında dərc olunan belə araşdırmalardan biri Ermənistanın düşdüyü real vəziyyəti tam ortaya qoyması baxımından çox maraqlıdır. 

Ümumi olaraq qeyd edək ki, müəllif bu məğlubiyyətə görə Ermənistanın xarici siyasətini və ordu quruculuğu işlərini kəskin tənqid edib. 

Müəllif yazır ki, Qarabağda gözlənilmədən başlayan müharibə, elə gözlənilmədən də bitdi. 

"Hərbi əməliyyatlar Azərbaycanın döyüşdən əvvəl kəşfiyyatı idi"

"Daha doğrusu, müharibənin birinci hissəsi bitdi. Çünki Azərbaycanın arsenalında olan silahı nəzərə alsaq, buna müharibə demək çətindir. Deyəsən, bu, döyüşdən əvvəl kəşfiyyat idi".

Müəllif ilkin olaraq sual edir: 

"Necə olur ki, düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) ildırım sürətilə cənub istiqamətində bir neçə post tutdu. Axı bu postların ətrafında piyada və tank əleyhinə minalarla dolu olan sahə var idi? Bununla bərabər bizim döyüşçülər itkin düşüblər. Onlar hara yoxa çıxıblar, başların nə gəlib, heç kim indiyə qədər bilmir". 

"Qoy Ermənistan rəhbərliyi bunu xalqa izah etsin"

Daha sonra müəllif Dağlıq Qarabağ adlı qurumun tərəf kimi tanınmamasından şikayət edərək, atəşkəs razılığının Azərbaycan və Ermənistanın baş qərargah rəisləri arasında olduğunu deyir. 

"Bəs Dağlıq Qarabağın baş qərargah rəisi hardadır? Həmişəki kimi o yoxdur. Bəlkə, Ermənistan birdəfəlik bəyan etsin ki, Dağlıq Qarabağda xalq özü öz taleyini həll edir, rəsmi İrəvan yox. Qoy Ermənistan rəhbərliyi bunu xalqa izah etsin, biz də bəlkə, bunu başa düşərik". 

"Ermənistanı nə MDB, nə Avropada müdafiə etdilər"

Daha sonra erməni müəllif Ermənistanın nə MDB, nə də Avropada müttəfiqlərinin olmamasından şikayət edir. 

"Hərbi əməliyyatlar göstərdi ki, bizim nə MDB-də, nə də Avropada müttəfiqlərimiz var. Biz fiziki, həm də siyasi cəhətdən blokadada qaldıq. Ermənistan Avropa Şurası, AŞPA, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Birliyinin (AAİB) üzvü olduğu halda bu təşkilatların da heç birindən dəstək ala bilmədi. Bu azmış kimi AŞPA sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünü dəstəklədyini bəyan etdi. 

Ermənistandan başqa, Rusiya, Qazaxstan, Qırğızıstanın da daxil olduğu KTMT-nin üzvü olan Belarusun prezidenti Lukaşenko vəziyyəti elə şərh etdi ki, Ermənistanın xarici işlər nazirliyi bununla bağlı bəyanat verməli oldu. 

Rusiya və Qazaxıstan prezidentləri Qarabağ münaqişəsini müzakirə etdilər. Amma hamıya aydındır ki, KTMT və AAİB-nin üzvü olan Qazaxıstan daim Azərbaycanın tərəfində olacaq. Ermənistan öz siyasətini köklü dəyişməlidir. Zaman irəli gedib, amma bizim xarici siyasət 60-cı illərin səviyyəsindədir". 

"Ermənistan Rusiyadan 80-ci illərin köhnəlmiş texnikasını və silahını alır"

Müəllif Rusiyanı da Azərbaycana silah satdığına görə tənqid etməyi yaddan çıxarmayıb. 

"Rusiya Azərbaycana hücum silahı satmağını biznes kimi qələmə verdi. Bizim KTMT müttəfiqimiz bilmirdi ki, son nəticədə bu silahlar ermənilərə qarşı istifadə olunacaq? Nəticədə Ermənistan məğlub vəziyyətdə qaldı. 

Bundan başqa, Gümrüdəki 102-ci hərbi baza nə ilə məşğuldur? Ermənistana bu baza çox lazımdır? Bu baza bizi Türkiyədən müdafiə edəcək? Hazırda Rusiya-Türkiyə münasibətlərinin gərgin vəziyyətində bu baza bizim üçün təhlükə mənbəyidir. Çünki bu iki dövlət arasında münaqişə olacağı təqdirdə Türkiyə Rusiya bazasını məhv etmək adı ilə Ermənistan ərazisini bombalaycaq".

Sonra yazı müəllifi Rusiyanı Ermənistana köhnə texnika satmaqda ittiham edib. 

"Biz Rusiyadan 80-ci illərin köhnəlmiş texnikasını və silahını alırıq (Sarkisyan Almaniyada belə deyib). Bəlkə, biz də Azərbaycan kimi bu pula hücum texnikası olan BPLA almalı idik. Azərbaycan belə texnika ilə bizim bir neçə obyekti və döyüşə gələn könüllülərin olduğu avtobusu vura bildi. Biz isə Rusiyadan valyuta verərək onların köhnə olduğuna görə istifadə etmədiyi silahları alırıq". 

"Ermənistan müstəqil dövlətdir, yoxsa Rusiyanın vilayəti?"

Daha sonra Ermənistanın AAİB və KTMT-də üzvlüyünə toxunan yazı müəllifi bunun məqsədyönlüyünü şübhə altına alıb. 

"Bizim rəhbərlik izah etsin ki, Rusiyadan köhnəlmiş avtomobillərin gətirilməsi üçün vergilərin azaldılmasından başqa bu təşkilatlarda üzvlük bizə nə verir. Biz müstəqil dövlətik, yoxsa Rusiyanın bir vilayəti? Rusiya daxilində olan Çeçenistan daha çox hüquqlara malikdir, nəinki Ermənistan Cənubi Qafqazda. 

Ermənistanda rusiyalı biznesmenlərin əlində olan heç bir sahə rentabelli işləmir - qaz sənayesi, dəmir yolları, elektrik şəbəkəsi, elektrik stansiyaları. 

Rusiya Ermənistanın İranla istənilən investisiya layihəsinin qarşısını alır. 

Bütün suallara dəqiq cavab lazımdır. Xarici siyasət və diplomatiyanın səhvləri əsgərlərimizin canı bahasına başa gəlir", - müəllif vurğulayıb.