Dar pilləkənlərlə yavaş-yavaş qalxıb, mənzilə çatdıq. Əslində bu müsahibənin necə ağır olacağını dünən İlham bəylə söhbət etdiyimiz zaman anlamışdım. Qəlbində yenicə şəhid yarası açılan valideynlərdən oğlu barədə suallar soruşmaq, əvvəlki xatirələrini yenidən canandırmaq çox ağır olacaqdı. Buna rəğmən, bütün cəsarətimi toplayıb getdim.
Unikal.org atv.az-a istinadən bildirir ki, söhbət Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi xidmət zamanı qəhrəmancasına şəhid olan, 19 yaşlı şəhidimiz Hacıağayev Cabbarxanın ailəsindən gedir.
Qapını döyüb mənzilə daxil olduq. Bizi Cabbarxanın anası, 3 bacısı, azyaşlı qardaşı və ölməzdən öncə ailəsini ona əmanət etdiyi bacısının yoldaşı qarşıladılar. Dar, ikiotaqlı mənzil idi. Cabbarxanın atası İlham bəyin sözlərinə görə, şəhidimiz elə bu mənzildə böyümüş, yaxınlıqdakı 158 nömrəli məktəbdə təhsil almışdı.
Şəhidimizin atası İlham bəy hərbçi olub. Onun böyük qızı Yeganə də hazırda hərbi sahədə təhsil alır. O da qardaşı kimi vətən yolunda canını qurban verməyə hazır olduğunu deyir. Şəhidimizin iki bacısı isə dərzi kimi çalışır. Onlar istirahət demədən əsgərlərimiz üçün paltar tikirlər. Ailə üzvlərini tanıdıqdan sonra Cabbarxanın necə vətənpərvər bir ailədə böyüdüyünün şahidi olduq.
Şəhidimizin anası Rəyanə xanım təmkinlə oğlu haqqında danışmağa başladı:
"Mənim balam könüllü olaraq hərbi xidmətə gedib və torpaqlarımız uğrunda şəhid olub. Bir ana kimi bütün şəhid analarına deyirəm ki, səbirli olun. Şəhid balalarımız həmişə bizim ürəyimizdə, evimizdə, ocağımızdadır. Onlar ölməyiblər, yaşayırlar və daim yaşayacaqlar. Mən oğlumla fəxr edirəm. Bütün şəhidlərimizə Allah rəhmət etsin, qəbirləri nurla dolsun".
Rəyanə xanım axırıncı dəfə oğlu ilə ölümündən 40 dəqiqə əvvəl danışıb. Aprelin 4-ü saat 17:10-da Cabbarxan evə zəng edib və anası ilə danışıb. Şəhidimizin son sözləri belə olub:
"Ana, mən gələn günü elə bir aş bişir ki, qoxusu dörd bir aləmə yayılsın. Hər kəs yığılıb gəlsin bizə. Amma bilmək olmaz, bəlkə, şəhid oldum. Allaha əmanət olun. Gözləyin, gələcəm".
Cabbarxanın atası İlham bəy də 23 il əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi xidmətdə olub. O, həmin kənddə xidmətdə olarkən ağır yaralanıb. Aylarla xəstəxanada müalicə alıb. Bu səbəblə eşitmə sistemində problem yaranıb. İlham bəy deyir ki, oğul mənim edə bilmədiyimi etdi. Torpaq uğrunda savaşdı və şəhid zirvəzinə yüksəlib geri qayıtdı:
"Cabbarxanın bu cür vətənpərvər olması onun hərbçi ailəsində böyüməsidir. Onun ən böyük arzularından biri əsgərliyə getmək idi. O mənə deyirdi ki, "Ata, sən ala bilmədiyin torpaqları gedib mən alacam". Oğlumun ən böyük arzusu şəhid olmaq idi. Uşaq yaşlarından bu hiss onda vardı. Əsgərliyə getməzdən öncə bacılarına vəsiyyət etmişdi:
"Ölsəm, qorxmayın. Mən gedib torpaq uğrunda öləcəm, şəhid olacam".
Cabbarxan 16-17 yaşa kimi "Kunq-Fu" üzrə 4-qat Azərbaycan çempionu olub.
Cabbarxan Vətəninə, torpağına aşiq biri idi. "Ana, vaxt gələcək səni çox böyük bir fərəhlə çağıracaqlar. Çünki mən gedib şəhid olcam. Sən əsgər anası yox, şəhid anası olacaqsan", - dedi. Dediyini də etdi...