"İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır".
Unikal.org xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin
2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclası deyib.
Onun sözlərinə görə, beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir: "Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır.
Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çata bilək. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaqdır".