Əslində Rusiyanın Baş naziri Dmitri Medvedyevin "qan tökülməkdənsə, qoy Dağlıq Qarabağda vəziyyət elə necə var, elə də qalsın" (status-kvo qorunsun) sözlərində bizim üçün elə böyük təhlükə görmədim.
 
Unikal.org xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Rusiyanın Azərbaycanın xeyrinə münaqişəni həll edəcəyinə inanan azdır:
 
"Rusiya sühməramlılarını biz Qarabağda görmək istəmirik. Ona görə də Medvedyevin təbirincə desək, qoy vəziyyət elə belə də qalsın, separatçıların qanını tökməyə isə Rusiya istəsə belə, mane ola bilməz. Yorucu müharibənin davamı bizdən asılıdır. Qoy Medvedyevin "biz hər iki tərəfə silah satacağıq" açıqlamasından Ermənistan narahat olsun. Bəlkə də elə bu narahatlığın nəticəsidir ki, Ermənistan prezidenti Serj Sərkisyan keçmiş dövlət başçısı Levon Ter-Petrosyanla görüşə ehtiyac duyub. Bu atəşkəsin elanından sonra ən diqqəti çəkən xəbərdir".
 
Analitik vurğulayıb ki, Sərkisyan 1990-cı illərin ortalarında Levon Ter-Petrosyanı "mərhələli həll" planını qəbul etməyə hazır olduğu üçün devirdi:
 
"Məncə, Sərkisyan vaxtilə devirdiyi Levon Ter-Petrosyanla iki mövzunu müzakirə etməyə maraq göstərib. Birinci mövzu "mərhələli həll" planının Ermənistan üçün müsbət və mənfi tərəflərini bir daha öyrənmək, ikinci mövzu isə Rusiyanın Qarabağ məsələsində İrəvana təzyiqlərinin artması durumunda altenativ siyasətin formalaşdırılmasının imkanlarını ayırd etmək. Bu iki mövzuda Levon Ter-Petrosyan Sərkisyandan daha təcrübəlidir, çünki hər iki prosesin canlı şahididir".