Azərbaycan Prezidentiİlham Əliyeviyunun 27-də Polşa Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

Unikal.org xəbər verir ki, Stanislav Karçevski Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayıb.

Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan Senatın marşalı bu əlaqələrə böyük əhəmiyyət verdiklərini söyləyib, xalqlarımız arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Stanislav Karçevski Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin və bu səfər çərçivəsində keçirilən biznes forumun ikitərəfli əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi baxımından önəmini vurğulayıb. O, PolşanınBMTTəhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Azərbaycanın dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

Parlamentlərarası əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdıran Polşa Senatının marşalı Azərbaycanın nəqliyyat dəhlizi imkanlarından istifadə edilməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Polşaya rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığa və müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında dostluq münasibətlərinin yaxşı göstəricisi olduğunu bildirib. Dövlət başçısı Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıb. Səfər çərçivəsində iqtisadi əlaqələrimizin mühüm hissəsinin - Azərbaycanın nəqliyyat dəhlizləri və ölkəmizin tranzit imkanlarından istifadə olunması məsələsinin müzakirə edildiyini bildirən Prezident İlham Əliyev bu nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Azərbaycan-Polşa əməkdaşlığının böyük tarixinin olduğunu deyən dövlət başçısı ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Polşa ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa parlament strukturlarında uğurla əməkdaşlıq etdiklərini bildirib.

Söhbət zamanı Azərbaycan ilə Polşa arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Prezident İlham Əliyev Senatın xatirə kitabına ürək sözlərini yazıb.