"Bəzən görürsən ki, gənclər universitetlərə təhsil almağa deyil, diplom almağa gedirlər".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
O, bu kimi hallardan təəssüfləndiyini bildirib: "Elmlər namizədi, elmlər doktoru səviyyəsində təhsil alanlar da bəzən bunu diplom üçün edirlər. Həmin şəxs fikirləşmir ki, bu diplomun dövlət, xalq və ya onun çalışdığı təşkilat üçün nə qədər əhəmiyyəti var. Hər bir professor, hər bir elmlər doktoru fəxrlə yetişdirdikləri elmlər doktoru, elmlər namizdələrinin statistikasını qeyd edir. Amma nə qədər elmi işin sənayeyə, kommersiyaya tətbiq edildiyini, bundan ali məktəblərin, AMEA-nın nə qədər gəlir əldə etdiyini demirlər. Nəticə etibarı ilə bunun müzakirəsi aparılmalıdır.
S.Novruzov qeyd edib ki, 2016-cı ildə beynəlxalq elmi jurnallarda Azərbaycan alimlərinin 500-ə yaxın məqaləsi çap olunub: "Bunun 200-ü BDU-nun 200-ü isə AMEA-nın institularının nəticələridir. Alimlər tərəfindən də axtarışlar olmalıdır, onlar kommersiya strukturlarına öz təkliflərini verməlidirlər. Təəssüflər olsun ki, bu addımlar atılmır. Hamı gözləyir ki, dövlət tərəfindən büdcə ayrılsın və xərclənsin".