Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diplomatik əlaqələrimizin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələrə ABŞ-ın mühüm və davamlı dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizədə, Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin yaxından və səmərəli əməkdaşlığı tərəfdaşlığımızı səciyyələndirən başlıca amillərdəndir.

Biz, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".