Abşeron rayonunda 13 nəfərin iştirakı ilə kütləvi dava baş verib.
Unikal.org-un Report-a istinadən xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində yerləşən "555" adlı kafedə qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan 5 nəfər həmin kafedəki digər 8 nəfərlə mübahisə edib.
Dava iştirakçısı olan İsmayıllı rayon sakini Rza Qocayev polislərin kafeyə gəldiyini görərək taksi ilə hadisə yerindən qaçmağa çalışıb. Ancaq o, yolda polislər tərəfindən yaxalanıb. Polislər Rza Qocayevi yaxalayarkən onun qan içində olduğunu görərək, dərhal "Təcili tibbi yardım" xidməti çağırıblar. R.Qocayevə ilkin yardım göstərilib.
Şübhəli şəxs qismində Abşeron rayon polis idarəsinə aparılan R.Qocayev dindirilmə zamanı bildirib ki, 13 nəfər arasında baş verən kütləvi dava zamanı bıçaq və çəngəldən istifadə olunub, o döyülüb və kəsik xəsarətləri alıb.
Hazırda idarədə digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.