Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobilində 10 kiloqramdan artıq narkotik vasitə gizlədən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, paytaxt sakini əvvəllər məhkum olunmuş Ağaxan Hüseynov Binəqədi-Xırdalan yolunda "Vaz 21015 markalı avtomobili idarə edən zaman kobud qayda pozuntusuna yol verdiyi üçün ona saxlama əmri verilib.

Sürücü əvvəlcə yol polisinin qanuni saxlama əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Amma sürücünün qaçmaq cəhdinin qarşısı alınıb. Saxlanılandan sonra sürücü A.Hüseynovun şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən A.Hüseynov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilmiş 10 kiloqram 670 qram qurudulmuş marixuana, 75,326 qram tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, sürücünün üzərinə baxış keçirilən zaman əlavə olaraq ondan yüksək psixotrop təsirə malik olan 180 qram metoamfetamin həbləri də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.