Erməni silahlı birləşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi bir daha sübut etdi ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır.

Unikal.org xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Füzuli rayon Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov deyib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin ağır silahlardan açdığı atəş nəticəsində qadının və körpə uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin Xocalı faciəsində törətdiyi amansız qətliamın davamıdır. Dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşir. Terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə isə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir və yaxud bir neçə kəsərsiz açıqlama ilə işlərini bitmiş hesab edirlər.

"Biz, cəbhə bölgəsinin sakinləri dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ədalətli olmağa, haqqı müdafiə etməyə çağırırıq. Humanizm ideyalarının daşıyıcı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Erməni vəhşiliyi nəticəsində həlak olanların qanı yerdə qalmasın, hərbi təcavüzün qurbanı olan insanların haqq səsi eşidilsin, ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin, - deyə Alxanlı kəndinin icra nümayəndəsi bildirib.